Mübariz İbrahimovun xatirəsinə güləş üzrə turnir keçirilib
Bu gün Biləsuvarda milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə yeniyetmə sərbəst güləşçilər arasında zona birinciliyi başa çatıb. İdman.com.az saytının məlumatına görə, iki gün davam etmiş yarışda 200-ə yaxın idmançı 10 çəki dərəcəsində qüvvəsini sınayıb. Biləsuvar gənclər və idman idarəsi və Azərbaycan Güləş Federasiyasının 4- saylı nümayəndəliyinin təşkil etdiyi turnir rayonun Olimpiya-İdman Kompleksində keçirilib.

Bazar günü həmçinin, tədbirin təntənəli açılışı olub. Öncə iştirakçılar şəhidin adını daşıyan lisey-məktəb kompleksinə gəliblər. Onun orada ucalan abidəsini ziyarət edib, qarşısına əklil qoyublar. Sonra yarışın keçirildiyi olimpiya arenasında niqtlər söylənilib. Biləsuvar gənclər və idman idarəsinin rəisi Xalid Rüstəmov, rayon icra başçısının müavini Akif Kazımov, AGF-in regionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov, GİN-in böyük məsləhətçisi Tofiq Eyvazov, 6 saylı vergilər idarəsinin şöbə müdiri Eldəniz Kərəmov, Avropa çempionatının mükafatçıları İlham Abbasov və Azad Əliyev çıxışlarında milli qəhrəmanın keçdiyi şərəfli yoldan söz açıblar, ölkə idmanının ilbəil artan sürətli inkişafını qeyd ediblər, pəhləvanlarımızın son zamanlar əldə etdikləri uğurlardan danışıblar.

Nəticələrə gəldikdə, gərgin və maraqlı mübarizələrdə qalib adını Röyal Ağamalıyev (38 kq), Mirfazil Sadiqov (42 kq, hər ikisi - Cəlilabad), İqbal Aslanlı (46 kq, Biləsuvar), Şəhruz Salmanov (50 kq, Cəlilabad), Ayaz Abdullayev (54 kq, «Azəri»Bakı), Nahid Hacıyev (58 kq, Füzuli), Loğman Ağayev (63 kq, «Gömrükçü» Astara), Elçin Məmmədov (69 kq, Şirvan), Əli Ələkbərli (76 kq, Cəlilabad) və Murad Rəhmanov (85 kq, Şirvan) qazanıblar.
Fəxri kürsüyə qalxanlar rayon idman idarəsinin diplomuna və AGF-in hədiyyələrinə layiq görülüblər. Qaliblər, həmçinin MobiTel şirkətinin cənub nümayəndəliyi tərəfindən «Nokia» mobil telefonla mükafatlandırıblar.

Kamran HACI
Bakı-Biləsuvar-Bakı

Xəbər 2137 dəfə oxundu.