Teymur liderlər qrupunda, Vüqar ilk qələbəsini qazandı
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında ənənəvi beynəlxalq superturnirdə mübarizənin gərginliyi zirvə həddinə çatır. İdman.com.az saytının məlumatına görə, VIII turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) ağ fiqurlarla yarışın lideri Maqnus Karlsenlə (2835) qarşılaşıb. Maçtda tərəflər arasında cüzi üstünlük bir-birini əvəz edib. 44-cü gedişdə vəziyyətin bərabər olduğunu görən şahmatçılar, sülh bağlayıblar. Hazırda Teymurun hesabında 5 xal var. O, 3-cü pillədə yer alıb. Rəcəbovu liderlərdən yarım xal ayırır.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) nəhayət ki, qara zolaqdan çıxa bilib. Bu tur niderlandlı Giri Anişlə (2714) görüşən təmsilçimiz, turnirdə ilk qələbəsini qazanıb. Endşpildə 2 keçid piyadasına yiyələnən Vüqar, 38-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Aktivində 3 xal olan Həşimov 12-ci sırada qərarlaşıb.

Xəbər 1841 dəfə oxundu.