"AAAF Park"da idmançılar üçün möhtəşəm konsert
AAAF Park Yaşayış Kompleksi idmanla adi həyatın sintezidir. Üstəlik, bu məkan böyük bir əyləncə mərkəzidir. Dünən təşkil olunan maraqlı konsertlər bu üç məhfumu özündə birləşdirdi.

Avqustun 29-30-da Astara Olimpiya-İdman Kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə 9-cu Zirvə Kuboku keçiriləcək.

Bu mötəbər turnirdə 12 ölkədən 100-ə yaxın idmançı iştirak edəcək. Yarış qatılacaq atletlərin bir qrupu isə artıq Bakıdadır. Onlar AAAF Park Yaşayış Kompleksində təlim-məşq toplanışına start veriblər. Dünən həmin idmançıların vaxtını əyləncəli keçirməsi üçün gözəl bir konsert tədbiri təşkil olundu.

Moldova, İran, Ukrayna, Bolqarıstan, Ukrayna və Azərbaycan atletləri və məşqçiləri fontan ətrafındakı masalarda yerlərini tutandan sonra musiqi sədaları gəldi. Yerli və xarici mahnılar, ifalar bir-birini əvəzlədikcə, özü ilə müsbət əhval-ruhiyyə gətirirdi. Bütün qonaqlar yaxşıca əylənir, günün yorğunluğunu çıxarırdı.

Tədbirdə 2015-ci ildə beynəlxalq arenada uğurlu nəticələr qazanmış “Zirvə” idmançılarına hədiyyələr təqdim də edildi. Onların bu yolla stimullaşdırılması, gələcək qələbələrinə qatqı vermək klubumuzun həmişəki siyasətinin bir hissəsidir.

Əlavə edək ki, qonaqlar içərisində dünyaca məşhur idmanmçılar – üçqat Olimpiya çempionu, AAAF Parkın sakini olan Halil Mutlu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Veliçko Çolakov və 5 qat Avropa, ikiqat dünya çempionu Hafiz Süleymanov da vardı.

Millətlərin birliyi, xalqların dostluğunun idman və musiqi sayəsində mümkün olduğu dünən bir daha sübut olundu. İstər xarici qonaqlar, istərsə də həmin gecə AAAF Parka gələn sıravi vətəndaşlar da gözəl saatlar yaşayaraq istirahət edə bildilər.

Xəbər 705 dəfə oxundu.