AGF I vitse-prezidenti: Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir
Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Artıq mundialda çıxış edəcək sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızın heyətləri məlumdur.

Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə dünya çempionatında iştirak edəcək komandaların heyəti açıqlanıb.

Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında sərbəst güləş yarışlarında ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaq. Yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcək.

Komandanın hazırlıq prosesindən razı olduğunu bildirən AGF I vitse-prezidenti Namiq Əliyev daha çox sayda Olimpiya lisenziyası qazanmaq istədiklərini bildirib.

“Komandanın hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio Olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Belədə Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik. Düşünürəm ki, Amerika Birləşmiş Ştatlarında çıxış etmək asan olmayacaq. Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya və Avropa çempionu, yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, optimal formadadır".

“Əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə almışıq. Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. İlk olaraq, mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Fikrimcə, adaptasiya ilə bağlı problem olmayacaq”.

Həsən Əliyev, yunan-Roma güləşi üzrə milli komandanın üzvü

“Yarışlara hazırlıq yüksək səviyyədə keçib. İnanıram ki, həm özüm, həm də digər komanda yoldaşlarım bizə bəslənən ümidləri doğruldacağıq. Bakıda keçirilən birinci Avropa Oyunlarında bürünc medalla kifayətlənməli oldum. Amma dünya çempionatında bunun təsadüf olduğunu sübuta yetirmək istəyirəm. Rəqiblərimizi də məşqçilər heyəti ilə birlikdə təhlil etmişik. Bilirsiniz ki, dünya çempionatında zəif rəqib olmur. Bununla belə, əlimizdən gələni edib fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik”.

Hacı Əliyev, sərbəst güləş üzrə milli komandanın üzvü

“Göygöldə yüksək səviyyədə təlim-məşq toplanışı keçirmişik. Dünya çempionatına tam hazırıq. Orada bizi çətin rəqiblər gözləyir. Saat fərqi, iqlim bizə müəyyən problemlər yarada bilər. Ancaq federasiya rəhbərliyi hər bir incə məqamı da nəzərə alıb. Amerikaya 1 həftə tez yollanacağıq və bu vaxt ərzində uyğunlaşma prosesi keçəcəyik. Bir sözlə, bizim üçün hər cür şərait yaradılıb. Qalır, xalçada öz sözümüzü deməyimiz. Ötənilki dünya çempionluğu titulumu qorumaq üçün əlimdən gələni edəcəm”.

Xəbər 782 dəfə oxundu.