"Formula-1" pilotu qəzadan sonra ölüb
Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb/

ABŞ-ın Pensilvaniya ştatındakı Pokono magistralında qəzaya düşən "IndyCar" seriyalı yürüşün pilotu Castin Uilson vəfat edib. "Report"un məlumatına görə, 37 yaşlı böyük britaniyalı idmançı komadan ayılmayıb.

"Andretti Autosport" komandasının üzvü avqustun 23-də ağır kəllə-beyin travması ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu həyata qaytarmaqdan ötrü bir sutkadan çox çalışıblar. Amma avqustun 25-nə keçən gecə pilot dünyasını dəyişib.
Qəzanın səbəbkarı 20 yaşlı amerikalı pilot Seyc Karam olub. O, 179-cu dövrədə idarəetməni itirib və avtomobili hasara çırpılıb. Nəticədə maşının qırıntıları Uilsonun dəbilqəsinə dəyib. Bundan sonra böyük britaniyalı idmançı huşunu itirib.

Qeyd edək ki, Castin Uilson 2003-cü ildə "Formula-1"də debüt edib. O, "Minardi" və "Yaquar" komandalarının heyətində 16 yürüşə çıxıb. Uilson 2001-ci ildə beynəlxalq "Formula-3000" çempionatının qalibi olub. İdmançı "Champ Car" çempionatlarında isə 2 dəfə - 2006 və 2007-ci illərdə ikinci olub.

Xəbər 592 dəfə oxundu.