"Qəbələ"nin avrokuboklarda 10-cu oyunu
Avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə görüşəcək.

Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək. Afinada keçiriləcək qarşılaşma Apostolos Nikolaidis stadionunda baş tutacaq. Bu matç komandamızın avrokuboklarda yubiley – 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını UEFA Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komandamız cari mövsüm artıq 7 oyunda iştirak edib. Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda komandamız 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib.

Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
27 avqust

23:00. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ”
Baş hakim: İvan Krujilak (Slovakiya)
Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya)
Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya)
Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya)
UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya)
Afina. Apostolos Nikolaidis stadionu
İlk oyun – 0:0

Xəbər 708 dəfə oxundu.