Azərbaycan çaparı Almaniyada beynəlxalq turnirin qalibi olub
Almaniyanın Axen şəhərində atçılığın konkur üzrə Avropa çempionatı keçirilib. Azərbaycanı yarışlarda milli komandanın kapitanı Camal Rəhimov təmsil edib. Avropa çempionatı və keçirilən digər mükafatlar üzrə yarışlarda C.Rəhimov iki atla- “Warrior” və “Excenel” ilə iştirak edib.

“Soer” mükafatı uğrunda keçirilən turnirdə “Excenel” ləqəbli atla çıxış edən C.Rəhimov 0 cərimə xalı ilə ən yaxşı vaxt normativini göstərib. Bununla da idmançımız 27 iştirakçı arasında birinciliyə yüksəlib. Çaparımız 25 min avro məbləğinə mükafat fondunun 25 faizinə (6250 avro) sahib olub. Yarış 145 santimetr hündürlük üzrə təşkil edilib.

150 santimetr hündürlük üzrə keçirilən “Axen” regionu mükafatı üzrə yarışlarda da “Excenel” ləqəbli atla çıxış edən C.Rəhimov marşrutu cərimə xalına yol vermədən başa vursa da, vaxtda geri qalaraq 17-ci yerə layiq görülüb.

Ümumilikdə C.Rəhimov Olimpiya aktivinə 50 xal əlavə edib.

AZƏRTAC

Xəbər 855 dəfə oxundu.