UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək
Avqustun 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək. Gecənin oyunlarında qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanacaq 5 komanda məlum olacaq.

Yarışların üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasını mübarizədən kənarlaşdıran Şotlandiyanın “Seltik” klubu səfərdə “Malmö” kollektivinin qonağı olacaq. İsveçdə keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi çıxacaq. “Seltik” evdə keçirdiyi ilk matçda 3:2 hesabı ilə qələbə qazanıb.

Günün mərkəzi qarşılaşmasında Fransanın “Monako” komandası İspaniyanın “Valensiya” kollektivini qəbul edəcək. İspaniya klubu Fransa komandasını ilk görüşdə 3:1 hesabı ilə məğlub edib.

Bundan başqa, həmin gün “Şaxtyor” (Ukrayna) – “Rapid” (Vyana, Avstriya), “Makkabi” (Təl-Əviv, İsrail) – “Bazel” (İsveçrə), “Dinamo” (Zaqreb, Xorvatiya) –“Skenderbeu” (Albaniya) kollektivləri üz-üzə gələcək. İlk oyunda evdə “Şaxtyor” 1:0, “Dinamo” isə səfərdə 2:1 hesabı ilə qələbə qazanmışdı. “Makkabi” və “Bazel” komandalarının ilk oyunu isə 2:2 hesabı ilə yekunlaşmışdı.

Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Pley-off mərhələsinin növbəti cavab görüşləri isə avqustun 26-da oynanılacaq.

Xəbər 632 dəfə oxundu.