Ağır atletika üzrə IX Dünya Kuboku yarışları Astarada keçiriləcək
Avqustun 28-dən 30-dək Astara Olimpiya İdman Kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə IX Dünya Kuboku yarışları keçiriləcək.

Yarışlarda dünyanın on bir ölkəsinin - Ukrayna, Polşa, Türkiyə, İran, Gürcüstan, Moldova, ABŞ, Bolqarıstan, İsrail, Rusiya və Azərbaycanın “Zirvə” idman klublarının idmançıları müxtəlif çəki dərəcələrində, üç yaş qrupları üzrə (12-14 və 15-18 yaşlı, 18 yaşdan yuxarı) mübarizə aparacaqlar.

Dünya Kuboku yarışlarında Azərbaycanı Abşeron, Lənkəran, Qazax, Sumqayıt, Goranboy, Şamaxı, Lerik, Qobustan, Neftçala, İsmayıllı və Yevlax rayonlarında fəaliyyət göstərən 12 idman klubunun 48 idmançısı təmsil edəcək.

Yarışların açılış mərasimi avqustun 28-də Astara Dənizkənarı Park-Bulvar Kompleksinin ərazisində Gənclər və İdman Nazirliyinin, Astara Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ağır Atletika Federasiyasının və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Xəbər 844 dəfə oxundu.