Azərbaycan UEFA-nın reytinqində 26-cı pilləyə yüksəldi
Avropa Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Ölkəmiz bu siyahıda tarixi bir sıçrayışa nail olaraq, üç pillə irəliləyib və ilk dəfə 26-cı pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "Qarabağ"la "Qəbələ" təmsil edir. Qəbələnin eyniadlı təmsilçisi ötən gecə doğma meydanda Yunanıstan "Panatinaikos"u ilə qarşılaşdı və qolsuz bərabərliyə razılaşdı. Ağdam klubu isə İsveçrədə yerli "Yanq Boyz"la qarşılaşmada 1:0 hesablı qələbəyə imza atdı. Beləcə, klublarımız Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.375 balla zənginləşdirdilər.

Klublarımızın bu uğuru Azərbaycanın təkcə xal ehtiyatını zənginləşdirmədi, həm də üç pillə irəliləməsinə şərait yaratdı. Belə ki, ölkəmiz nəinki avrokuboklarda təmsilçisi qalmayan Bolqarıstanla Sloveniyanı, həm də 2 klubu çıxışını davam etdirən Serbiyanı qabaqlamağa nail oldu.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 13.250 reytinq xalı var ki, onun da 2.750 xalı cari mövsümdə qazanılıb ("Qəbələ" - 1.000, "İnter" - 0.750, "Qarabağ" - 0.750, "Neftçi" - 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 680 dəfə oxundu.