PFL "Neftçi"nin oyununun məkanını və vaxtını dəyişdi
PFL Azərbaycan Premyer Liqasının üçüncü turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının məkanını və vaxtını dəyişib.


İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda reallaşacaq.

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya görüşü ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun təmirə bağlanacağını bildirib. Bu səbəbdən klub Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt”la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Bunu nəzərə alan PFL qarşılaşmanın məkanını dəyişməyə qərar verib.

Avqustun 23-ü keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 18:30-da başlayacaq.

Xəbər 770 dəfə oxundu.