"Panatinaykos"un baş məşqçisi: "Qəbələ"ni yaxşı tanıyırıq"
“Son zamanlar müəyyən enişdə olduq. Vəziyyəti da toparlamağa çalışırıq”. Bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq Afina klubu bu gün son məşqinə çıxacaq. Yunanların çalışdırıcısı oyun öncəsi mətbuat konfransında komandasının hazırkı durumunu dəyərləndirib:

“Hər bir komanda bu vəziyyətlə üzləşə bilər. Biz hər zaman oyunlara hazırıq. Heç bir klub eyni xətt üzrə gedə bilməz. Bundan əvvəl də öz gücümüzü ortaya qoymuşuq. Bu dəfə Afinadan kənarda çıxış edəcəyik. Amma biz öz oyunumuzu göstərməyə çalışacağıq”.

- Heyətlə bağlı çatışmazlıqlar var. Bunun çıxışınıza bir təsiri olacaqmı?
- Mən buna inanmıram. Bizim güclü komandamız var. Uğurlu çıxış üçün də əlimizdən gələni edəcəyik.

- Zədəli oyunçuların çoxluğu rəqib üçün üstünlük sayılırmı?
- Biz heç nəyə fikir vermədən öz gücümüzü meydançaya qoyacağıq və sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik. Burda yalnız qələbə bizi qane edir.

- Arxayın olmağınız nə ilə bağlıdı?
- Avroliqada asan oyun olmur ki, özümü arxayın aparım. Biz də asan olacağını güman etmirik və bura arxayın gəlməmişik. Bununla belə, komandama güvənirəm.

- İlk oyunun Bakıda keçirilməsini sizin üçün üstünlük saymaq olarmı?
- Bunun hansı tərəfə üstünlük olacağını sabahkı oyunda görəcəyik. “Qəbələ” haqda məlumatımız çox deyildi. Ümumiyyətlə, Azərbaycan futbolu barədə geniş məlumata malik deyildik. Amma “Qəbələ”nin Avroliqadakı, həmçinin daxili çempionatdakı matçlarını izləmişik. “Qəbələ”ni artıq yaxşı tanıyırıq.

Xəbər 816 dəfə oxundu.