London Olimpiadasında dopinq laboratoriyaları fasiləsiz rejimdə işləyəcək
2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında idmançılardan götürülmüş dopinq nümunələri fasiləsiz rejimdə işləyən müasir laboratoriyalarda təhlil ediləcək.
İdmançının qanında eritropoetin maddəsindən başqa hər hansı dopinq olub-olmaması 24 saat ərzində müəyyən ediləcək. Qanda bu maddənin olub-olmamasının müəyyən edilməsinə isə 48 saat vaxt tələb olunur.

Olimpiya Oyunlarının təşkilatçıları dopinqə qarşı mübarizədə bu cür misilsiz səyləri “QlaksoSmitKlayn” əczaçılıq şirkəti ilə birlikdə həyata keçirəcək. Şirkət istifadəsi qadağan olunmuş 200 növ preparatın idmançıların qanında olub-olmamasını müəyyən etmək üçün 6250 test yoxlaması aparmağı planlaşdırır.

150 alimin çalışacağı laboratoriya olimpiya stadionundan 35 kilometr aralıda yerləşəcək.

London Olimpiadasında iştirak edəcək 10500 idmançıdan bəziləri bir neçə dəfə dopinq yoxlamasına məruz qalacaqlar. Alimlər eritropoetin və insanın boy hormonu testlərinə, habelə başqa maddələrin kombinə edilmiş testlərinə xüsusi diqqət yetirəcəklər.

AzərTAc

Xəbər 1243 dəfə oxundu.