Bakıda “Aroma Collection Summer Cup” şahmat turnirinə start verilib
Avqustun 19-da Azərbaycan Şahmat Federasiyasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təşkilatçılığı ilə “Aroma Collection Summer Cup” FIDE reytinq turnirinə start verilib.

Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışın rəsmi hissəsi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Şahmat üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Südeyifzadə, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin və turnirin direktoru Elvin Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək yarışın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə turnirlər Azərbaycanda idmanın inkişafına təkan verməklə yanaşı, uşaq və yeniyetmələrdə şahmata həvəsi artırır.

“Aroma Collection” kosmetik brendinin marketinq departamentinin əməkdaşı Ülkər Xudiyeva və sosial media üzrə əməkdaşı Kənan Şamilov Azərbaycanın milli kosmetik brendi haqqında məlumat veriblər. Qeyd edilib ki, “Aroma Collection” brendi 2013-cü ildə kosmetik məhsulların istehsalı üzrə ixtisaslaşmış “Gazelli Group” şirkətinin prezidenti Zərifə xanım Həmzəyeva tərəfindən yaradılıb. Brendin əsas qayəsi bu romantik kolleksiyanın hər kompozisiyasında təqdim olunan gözəlliyin, sağlamlığın və təbiətin harmoniyasındadır. Xanımlar üçün xüsusi yaradılmış ilk Azərbaycan brendinin məhsulları Astara, Lənkəran, Xaçmaz, Zaqatala, Qəbələ, Göyçay, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qədəbəy, Quba, İsmayıllı və Abşeron yarımadasının Bilgəh qəsəbəsində bitən təbii komponentlərdən hazırlanıb. “Aroma Collection” brendi Şərq fəlsəfəsi və dünyanın ən yeni elmi nailiyyətlərini özündə harmonik şəkildə birləşdirir.

Vurğulanıb ki, məhsullar beynəlxalq keyfiyyət sertifikatının (GMP) bütün standartlarına uyğun olaraq Azərbaycanın kosmetika istehsalı üzrə ixtisaslaşmış“ Gazelli Group” şirkətinin fabrikində hazırlanır. GMP sertifikatı dünyada yalnız 11 ölkədəki şirkətlərə verilib. Qafqaz ölkələrində, o cümlədən Azərbaycandakı şirkətlərdən yalnız “Gazelli Group” bu sertifikatı əldə edib. Yerli və xarici bazarlara cəmi iki ildir çıxmasına baxmayaraq, “Aroma Collection” brendi böyük marağa səbəb olub və məhsullar artıq bir sıra ölkəyə ixrac edilir.

Sonra turnirin və 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Elvin Hüseynov yarış barədə məlumat verərək ölkəmizdə şahmat birinciliklərinin təşkilinin gənc və yeniyetmə zəka ustalarının təcrübə toplamaları, reytinq xallarını artırmaları baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Bildirilib ki, turnirdə güclü şahmatçılar, respublika çempionları, beynəlxalq yarışların qalibləri də çıxış edirlər ki, gənc və yeniyetmə idmançılar onların təcrübəsindən yararlana bilərlər. Bu, bizim əsas məqsədlərimizdən biridir. Sevindirici hal odur ki, respublikanın digər şəhər və rayonlarından - Naxçıvan, Gəncə, Quba, Sumqayıt, Lənkəran, Beyləqan, Biləsuvar, Cəbrayıl, Tərtər və Kürdəmirdən olan şahmatçılar da turnirdə iştirak edirlər.

Avqustun 27-dək davam edəcək yarışda 18 yaşadək oğlanlar və qızlar, o cümlədən milli əmsalı 2000-dən yuxarı olan 10 yaşadək oğlanlar və milli əmsalı 1900-dən artıq olan 12 yaşadək qızlar iştirak edirlər. Ümumilikdə yarışda 90 oğlan, 20 qadın şahmatçı birincilik və müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparır.

Qaliblər pul mükafatları ilə yanaşı, kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilən yarışın baş hakimi FIDE ustası Cavanşir Bağırovdur.

AZƏRTAC

Xəbər 696 dəfə oxundu.