Prezident İlham Əliyev Goranboyda şahmat məktəbinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdı. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılıb. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıqlar salınıb.

Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilib. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılıb.

Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılıb. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunub. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Bu da dərslərin kompüter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılıb. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.

Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

AzərTAc

Xəbər 3336 dəfə oxundu.