Naxçıvan: velosiped yürüşü üzrə muxtar respublika birinciliyində 40-dan çox idmançı iştirak edib
Naxçıvan Muxtar Respublikası ali, orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında velosiped yürüşü üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Azər Məmmədov keçirilən yarışın mahiyyəti haqda məlumat verib.

Sonra nazirliyin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov son illər muxtar respublikada idmanın inkişafından və bu sahəyə göstərilən qayğıdan danışıb. Nazirlik nümayəndəsi, həmçinin yarışın qaydaları haqda iştirakçıları məlumatlandırıb.

Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərini tanıtmaq, inkişaf etdirmək və kütləviliyinə nail olmaq məqsədilə keçirilən yarışda 40-dan çox velosipedçi iştirak edib. Yarışın reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda hesabında mübarizə aparıblar.

Fərdi hesabda Naxçıvan Dövlət Universitetinin tələbəsi Rəşad Əhmədov bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Universitetin digər tələbəsi Xalid Novruzov ikinci, Şahbuz rayon komandasının üzvü Əsəd Fərzəlizadə isə üçüncü olublar.

Naxçıvan Dövlət Universitetinin komandası muxtar respublika birinciliyini ilk pillədə başa vurub. Sonrakı iki pillədə isə Şahbuz rayonunun və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları qərarlaşıblar.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Xəbər 860 dəfə oxundu.