Starkov Vobayın məsələsinə aydınlıq gətirdi
“Hər şey plan üzrə gedir. Bildiyiniz kimi, 2 yoxlama matçında qüvvəmizi sınadıq. Hər ikisi güclü rəqiblər idi”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı çalışdırıcı dünən Türkiyə Superliqasının XXI turu çərçivəsində keçirilən “Antalyaspor” – “Beşikdaş” görüşünü izləyənlər arasında idi. Fasilə zamanı əməkdaşımızla qısa söhbətində Starkov komandasının “AZ Alkmaar” və II Bundesliqa təmsilçisi “İnlqoştad”a böyük hesabla uduzmasına münasibət bildirib.

“AZ Alkmaar”a 5:1 hesabı ilə uduzduq. Amma biz hansısa zəif komanda ilə oynamırdıq. Həmin “AZ Alkmaar” Hollandiya çempionatının lideridir, “Ayaks” kimi nüfuzlu klubu 5 xal qabaqlayır. Ölkə kubokunda “Az Alkmaar” məhz “Ayaks”ı 3:2 hesabı ilə üstələdi. Yəni, biz güclü komandaya uduzduq. Bununla belə, maraqlı oyun alındı. Bizim üçün yaxşı rəqib, böyük təcrübə idi” – deyə, Starkov əlavə edib.

Almanlarla oyuna gəlincə, latviyalı çalışdırıcı 0:4 hesabıyla uduzduqları “İnqloştad”ın da güclü olduğunu vurğulayıb: “Ümumiyyətlə, belə rəqiblərdən öyrənmək lazımdır. Bu, bizə həm oyun mənasında yaxşıdır, həm də təcrübəli futbolçularımız daha çox öyrənir. Təbii ki, böyük hesabla uduzmaq xoş deyil”.

2 futbolçunun zədəli olduğunu bildirən Starkov Uinston Parks və Elvin Əliyevin durumundan narahatdır: “Onlar müayinə olunurlar. Əliyev isə ümumiyyətlə, bizimlə tam məşq edə bilməyib. Yeni transferlərə gəlincə, 2 futbolçu ilə danışıqlar aparırıq. Amma hələlik rəsmi müqavilə olmadığından onların adlarını açıqlamaq istəmirəm.

Julius Vobay? Bu mövzuda bir ay öncə danışmışıq. Amma hazırda bizimlə deyil, harda olduğunu da bilmirəm. Gələcəkdə “Bakı”da oynayacaq, ya yox, bunu yalnız Allah bilir”.

Xəbər 992 dəfə oxundu.