Çin atıcıları Qəbələdə Dünya Kuboku yarışlarında medalların sayını 11-ə çatdırıblar
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Olimpiya atıcılıq növləri üzrə keçirilən Dünya Kuboku yarışları davam edir.

Avqustun 14-də kişilər arasında kiçik çaplı tüfəngdən 3 vəziyyətdə 50 metr məsafəyə atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində Çindən 3, Rusiya, Avstriya, Fransa, Belarus və Hindistandan isə 5 idmançı iştirak edib. Çin idmançısı Ziçenq Hui 459,8 xalla rəqiblərini üstələyərək birinci yeri tutub. O, komandasına 6-cı qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Avstriya idmançısı Aleksandr Şimrl 457,9 xalla ikinci, Çin idmançısı Qinan Zhu 446,8 xalla üçüncü yeri tutublar.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Hazırda Çin idmançıları 11 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 6-sı qızıl, 3-ü gümüş, 2-si isə bürünc medaldır. Yeddi gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 24 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 1504 dəfə oxundu.