Misrətdin İsgəndərov şahmat məsələlərinin həlli üzrə Dünya Çempionu oldu
Avqustun 1-dən 8-dək Polşanın Ostroda şəhərində 58-ci Dünya Şahmat Bəstəçiliyi konqresi keçirilib. Konqresin proqramına çoxsaylı həlletmə və tərtib yarışları, həmçinin Beynəlxalq Şahmat Bəstəçiliyi Federaiyasının iclasları və ən əsas tədbir, şahmat məsələlərinin həlli üzrə 39-cu Dünya çempionatı daxil idi.

Ölkəmizi bu yarışda şahmat həlletməsi üzrə yığma komandanın üzvləri Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Misrətdin İskəndərov (Sumqayıt), Rəşad Zeynallı (Bakı), Elmar Abdullayev (Şirvan) və ölkəmizin bu təşkilatda nümayəndəsi, komandanın baş-məşqçisi İlham Əliyev (Sumqayıt) təmsil edirdi.

Ənənəvi olaraq konqresdə dünya çempionatı öncəsi Open-turnir keçirilir. Bu yarışda həll üçün hər bölmədə (#2, #3, etüdlər,N#, H#, S#) təqdim olunan 12 məsələ 3 saat ərzində həll edilməlidir. Qələbə uğrunda 24 ölkədən 89 şahmatçı mübarizə aparırdı. Azərbaycan həllçiləri arasında bu yarışda ən yaxşı nəticəni Mistrətdin İskəndərov (Sumqayıt) 48,5 xalla 6-cı yer tutaraq göstərdi. R. Zeynallı ilk dəfə belə yarışlarda çıxış etməsinə baxmayaraq 45 xal topladı və 13-cü yeri tutdu. Araz Alməmmədov 44,5 xalla 14-cü oldu.

Avqustun 4-də və 5-də 39-cu Dünya çempionatı keçirildi ki, burada 85 şahmatçı şəxsi hesabda mübarizə apardı. Çempionat 6 turdan ibarət olur ki, hər turda 3 tapşırıq, ümumi olaraq isə 18 tapşırıq təqdim olunur. Hər tapşırıqda düzgün cavaba görə 5 xal, ümumi 90 xal verilir. Qızıl medalı 80,5 xalla (348 dəqiqə) Kasper Piorun, qazandı. Azərbaycan şahmatçılarından Mistrətdin İskəndərov dəfələrlə dünya və Avropa çempionu Piotr Murdzia (Polşa) ilə eyni 71 xal (338 dəqiqə) topladı və yalnız vaxta görə (350 dəqiqə) 5-ci oldu. Araz Alməmmədov 56,5 xalla 18-ci, debütant Rəşad Zeynallı 54,5 xalla 22-ci, Ramil Cavadov isə 42,5 xalla 47-ci oldu ki, bu da ötən il İsveçrədə dünya çempionatında 2-ci yer tutan komandamızın nəticəsinə təsir etdi.

Dünya çempionatında komanda hesabında 19 komanda mübarizə aparırdı. Çempionatda qalib adını 157,5 xalla dəfələrlə dünya və Avropa çempionları Polşa yığması (Kasper Piorun, Piotr Murdzia, Aleksandr Mista) qazandı. Azərbaycan komandası dəfələrlə dünya və Avropa çempionları Rusiya, Almaniya, Ukrayna kimi komandaları geridə qoyaraq 130,5 xalla 5-ci oldu. Əsas uğurumuzu gənclər qazandı. Misrətdin İskəndərov 71 xalla gənclər arasında dünya çempionu adını qazandı. Rəşad Zeynallı (Bakı) isə 54,5 xalla bürünc medala layiq görüldü.

Son yarışların nəticələrinə görə Misrətdin İskəndərov (Sumqayıt) həlletmə üzrə beynəlxalq usta (FIDE Solving International Master), şahmat üzrə qrossmeyster Zaur Məmmədov isə FİDE ustası (FIDE Solving Master) adını aldı. Qeyd edək ki, M. İskəndərov həmçinin, həlletmə üzrə ölkəmizin tarixində ilk dəfə olaraq, qrossmeyster balını da topladı və beynəlxalq həlletmə əmsalı ilə ölkə yığmasının liderinə çevrildi. Maraqlıdır ki, o iyulun sonu Türkiyənin Konya şəhərində keçirilən Türkiyə liqasında da uğurla çıxış edərək şahmat üzrə qrossmesyter balını toplayıb.

Daha bir nəticəni xüsusilə qeyd etmək istərdim. Komandamızın debütantı, ölkə çempionatında 4-cü yer tutan Rəşad Zeynallı (Bakı) bütün yarışlarda öz uğurlu çıxışı ilə yadda qaldı. O ilk dəfədən beynəlxalq usta normasını doldurdu və indi bu adı almaq üçün ona beyməlxalq əmsalını 2450-ya çatdırmaq qalıb.


Xəbər 934 dəfə oxundu.