Vladislav Qədirov: “Qalatasaray”ın düşərgəsində olacağam
“Düzü, “Barselona” klubunun düşərgəsinə getməyi çoxdan planlaşdırmışdıq. Hətta biletlər də alınmışdı. Mən, vitse-prezident Bəhruz Şirəliyev və bir tərcüməçi səfərə çıxmalı idik”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a Bakının “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Gənc mütəxəssis UEFA-nın Azərbaycanda keçirdiyi Pro kateqoriyalı kursların iştirakçısıdır. Bunun tələbi kimi, mütəxəssis 2 əcnəbi klubun düşərgəsində olmalı idi. İlk olaraq, “Barselona” klubu seçilsə də, bu alınmadı.

Qədirov bildirib ki, səfərin baş tutmaması bir neçə səbəblə bağlıdır: “Biz hər şeyi hazır etmişdik. Amma son anda maliyyə problemi yarandı. Əlbəttə ki, əvvəlcədən belə olacağını bilmirdik. Hər halda, sürprizlərə də hazır olmalıyıq”.

UEFA bunu şərt kimi irəli sürdüyünə görə, Qədirov üçün 2 klubun düşərgəsində olmaq şərtdir. Gənc mütəxəssis hazırlıq yekunlaşdıqdan sonra gedəcəyi yeri artıq müəyyənləşdirib: “Mən “Barselona” variantı alınmadığına görə, digərlərini gözdən keçirmək məcburiyyətindəyəm. Türkiyənin “Qalatasaray” klubunun düşərgəsində olacağam. Bu xərcləri mən deyil, klub rəhbərliyi ödəyəcək”.
Qeyd dək ki, Bakıda keçirilən Pro kateqoriyası kurslarında 9-u yerli olmaqla, 11 mütəxəssis iştirak edir.

Xəbər 955 dəfə oxundu.