Ağdamın “Qarabağ” komandasının rəqibi “Yanq Boyz” klubunu tanıyaq
Ağdamın “Qarabağ” komandasının UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsindəki rəqibi İsveçrənin tanınmış “Yanq Boyz” klubudur.

1898-ci ildə əsası qoyulan “Yanq Boyz” ötən mövsüm İsveçrə superliqasında ikinci pilləni tutaraq UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Bu mərhələdə Fransanın “Monako” klubuna öz meydanında 1:3 hesabı ilə məğlub olub. Fransada keçirilən oyun isə “Monako” kollektivinin “Yanq Boyz” komandası üzərində 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.

İsveçrə superliqasının gümüş mükafatçısı ev oyunlarında “sarı-qara”, səfərdə isə “ağ-qara” forma ilə çıxış edir.

UEFA Çempionlar Liqasının 2 oyununda qapısından 7 qol, ümumiyyətlə ötən mövsümdə 36 oyunda 45 qol buraxması bu komandanın müdafiə xəttinin etibarlı olmadığını göstərir.

Komanda ev oyunlarını 32 min tamaşaçı tutumuna malik “Stad de Syuiss” stadionunda keçirir.

UEFA reytinqində 68-ci olan “Yanq Boyz” komandası ötən mövsüm Avroliqanın qrup mərhələsində Slovakiyanın “Slovan”, Macarıstanın “Debresen” və Çexiyanın “Sparta” (Praqa) klubları ilə eyni qrupda mübarizə aparıb. İsveçrəlilər bu qrupda yalnız “Sparta”ya öz meydanında uduzub. 1/32 finala yüksələn klubun qarşısını İtaliyanın “Napoli” kollektivi alıb.

Heyətində 9 ölkədən futbolçuların çıxış etdiyi komandanın əsas qol silahı fransalı forvard Guillaume Hoaraudur. Forvard son mövsüm komandasının heyətində meydana çıxdığı 28 oyunda 17 qol vurub.

“Yanq Boyz” 11 qat İsveçrə çempionu və 6 dəfə ölkə kubokunun sahibidir.

Qeyd edək ki, Azərbaycan çempionu “Yanq Boyz”la ilk oyununu avqustun 20-də Bern şəhərində keçirəcək. Bir həftə sonra isə Bakıda doğma meydanda rəqibi qəbul edəcək.

Xəbər 752 dəfə oxundu.