Avroliqanın pley-off mərhələsində “Qarabağ” “Yanq Boyz”, “Qəbələ” isə “Panatinaikos” komandaları ilə qarşılaşacaq
Avqustun 7-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Bununla da həmin mərhələdə mübarizəni davam etdirən 44 komandanın rəqibi məlum olub. Pley-offdakı komandalardan 29-u üçüncü təsnifat mərhələsindən növbəti mərhələyə yüksələnlərdir. Digər 15-i isə UEFA Çempionlar Liqası yarışlarında məğlub olaraq bu turnirin pley-off mərhələsinə adlaya bilməyənlərdir.

Püşkatmanın nəticəsinə görə “Qarabağ” komandası İsveçrənin “Yanq Boyz”, “Qəbələ” isə Yunanıstanın “Panatinaikos” kollektivləri ilə qarşılaşacaq. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırmışdı. Turnirin üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandasına məğlub olan Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə adlaya bilməmişdi. Beləliklə, Ağdamın "Qarabağ" komandası mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirir.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası isə Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki” və Kiprin “Apollon” klublarını mübarizədən kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib.

Xəbər 836 dəfə oxundu.