Azərbaycanla Mərakeş arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Mərakeş Krallığının idman və gənclər naziri Munsif Bəlxeyyatın dəvəti ilə fevralın 28-dən martın 3-dək həmin ölkədə səfərdə olub.
Mart ayının ilk günü nazir Azad Rəhimovla mərakeşli həmkarı Munsif Bəlxeyyat arasında görüş keçirilib. Görüş əsnasında hər iki ölkənin nazirləri gənclər və idman sahəsində görülən işlər, nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparıblar. Nazir Azad Rəhimov eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, beynəlxalq təşkilatlarda Mərakeşin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini xalqlarımız və hökumətlərimiz arasındakı dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirib.
Görüşün sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığı Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində Əməkdaşlıq protokolu imzalanıb.
A.Rəhimov İSESKO-nun Rabatdakı iqamətgahında baş katib Ə.Tüveycri ilə görüşüb, Rabatdakı Futbol Akademiyası, Qolf idman kompleksi və Tanjer şəhərindəki idman obyektləri ilə tanış olub.
Martın 2-də Azad Rəhimov Mərakeş Krallığı Gənclər və İdman Nazirliyinin YUNİSEF ilə birgə təşkil etdiyi uşaq məsələlərinə həsr edilmiş tədbirdə iştirak edib.

Xəbər 1128 dəfə oxundu.