“Qəbələ” komandası UEFA Avropa Liqası yarışlarında Kiprin “Apollon” klubu ilə qarşılaşacaq
Avqustun 6-da “Qəbələ” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı Bakıdakı “Bakcell Arena”da Kiprin “Apollon” (Limasol) klubunu qəbul edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçı portuqaliyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Duarte Nunu Pereyra Qomes olacaq. Matçda köməkçi hakim funksiyasını onun həmyerliləri Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome və Brunu Migel Duarte Payxao yerinə yetirəcəklər. Görüşün UEFA nümayəndəsi rusiyalı Vladislav Xodeyev, hakim-inspektoru isə xorvatiyalı Draqutin Karlo Polyak olacaq.

Komandalar arasında Kiprdə keçirilən ilk görüşdə 1:1 hesabı ilə heç–heçə qeydə alınmışdı.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası Gürcüstanın “Dinamo” və Serbiyanın “Çukariçki” klublarını məğlub edərək yarışdan kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının üçüncü mərhələsinə yüksəlib.

“Qəbələ” artıq “Apollon” ilə cavab oyunundan əvvəl son məşqinə çıxıb.

Xəbər 705 dəfə oxundu.