“Qəbələ” komandası Kiprin “Apollon” klubu ilə cavab oyununun hazırlıqlarına başlayıb
“Qəbələ” komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin “Apollon” klubu ilə cavab oyununun hazırlıqlarına başlayıb.

İyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyundan (1:1) sonra bir gün istirahət edən “Qəbələ” futbolçuları paytaxtda toplaşıblar. Məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilib. Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı topla çalışmalarla davam etdiriblər. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla bütün futbolçular qatılıblar.

Komanda əvvəl növbəti məşqini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.

Qeyd edək ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da saat 21:00-da Bakıdakı “Bakcell Arena” stadionunda başlayacaq.

Görüşü portuqaliyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Duarte Nunu Pereyra Qomesdir. Matçda köməkçi hakim funksiyasını onun həmyerliləri Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome və Brunu Migel Duarte Payxao yerinə yetirəcəklər. Görüşün UEFA nümayəndəsi rusiyalı Vladislav Xodeyev, hakim-inspektoru isə xorvatiyalı Draqutin Karlo Polyak olacaq.

Xəbər 809 dəfə oxundu.