Qrossmeyster Arkadi Naydiç rəsmən Azərbaycan millisinin üzvü oldu
Bu gün Beynəlxalq Şahmat Federasiyası iyul ayının reytinq cədvəlini dərc edib.

Qeyd edək ki, Arkadi Naydiç artıq siyahıda Azərbaycanın şahmatçısı kimi təqdim edilib. Hələ may ayında federasiyada dəyişikliyin gözlənildiyi bildirilmişdi.

Arkadi Naydiç beynəlxalq əmsalı 2685 olmaqla cədvəldə 56-cı yeri tutur. Bu, qrossmeysterin son bir neçə ildə ən aşağı reytinqidir. Buna baxmayaraq, o, Azərbaycanın on aparıcı oyunçu ilə orta reytinq üzrə dünyanın on ən yaxşı ölkəsi sırasına daxil olmasına kömək edib. 29 yaşlı Arkadi Naydiç bundan sonra Almaniya deyil, Azərbaycanı təmsil etmək niyyətindədir. O, Riqada dünyaya gəlib, 11 yaşında ailəsi ilə Almaniyanın Dortmund şəhərinə köçüb. Arkadi Naydiç 2005-ci ildən Almaniyanın vətəndaşıdır. O, bir çox komanda yarışlarında bu ölkənin adını ilk sıralara çıxarıb, o cümlədən 2011-cü ildə Almaniya millisini Avropa çempionatında qalib edib.

Dünyanın 100 ən yaxşı şahmatçısı sırasına Azərbaycan şahmatçılarından komandanın kapitanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da daxildir. Teymur Rəcəbov beynəlxalq əmsalı 2738 olmaqla 20-ci, Şəhriyar Məmmədyarov isə 2735 olmaqla 22-ci yerdədir.

Xəbər 700 dəfə oxundu.