Sabah kişi basketbolçular mübarizəyə başlayırlar
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatında yaranmış fasilə başa çatacaq. İdman.com.az saytının məlumatına görə, 28 günlük istirahətdən sonra II dövrənin oyunlarına start veriləcək.

Belə ki, yanvarın 21-də baş tutacaq VI turda 3 oyun baş tutacaq. Günün ilk görüşündə “Araz” – “NTL-Tudor” matçı keçiriləcək. Oyunun çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Lakin ilk dövrədə 93:86 hesabı ilə qalib gələn “Araz”ın sensasiyaya imkan verəcəyi inandırıcı görünmür.

Daha sonra autsayderlər - BDU ilə “AZTOP” bir-birlərini sınağa çəkəcəklər. Universitet komandasının tilsimi qıraraq, ilk qələbəsini qazanması gözlənilmir. Çünki ilk matçda 37 xal (86:49) fərqi ilə qalib gələn debütantın bu dəfə də eyni uğuru təkrarlayacağı proqnozlaşdırılır.

Tura “Qala” – “Çağ Öyrətim” görüşü ilə yekun vurulacaq. İkinci yer uğrunda “vuruşan” bu komandaların qarşılaşmasında hər 2 klub qalib gələ bilər. Lakin Elxan Əliyevin yetirmələri ilk dövrədə olduğu kimi (77:63) yenə də “şagirdləri” məğlub etmək gücündədir.

21 yanvar
14:00. “Araz” – “NTL-Tudor”
15:30. BDU – “AZTOP”
17.00. “Qala” – “Çağ Öyrətim”

1. Araz 5 5 0 519-288 10
2. Çağ Öyrətim 5 3 2 335-341 8
3. Qala 5 3 2 333-258 8
4. NTL-Tudor 5 2 3 289-295 7
5. AZTOP 5 2 3 347-372 7
6. BDU 5 0 5 222-489 5

Xəbər 1188 dəfə oxundu.