“Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
“Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edən cüdo üzrə Azərbaycan yığma komandasının üzvləri avqustun 1-də Vətənə qayıdıblar.

Cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Cüdo Federasiyasının (AGF) rəsmiləri qarşılayıblar.

Cüdoçularımızın Olimpiya festivalında çıxışını yüksək qiymətləndirən məşqçi Rəşad Məmmədov milli komandamızın mötəbər yarışı beş medalla başa vurduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Şəfəq Həmidova (40 kq) və Hasil Cəfərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar. Festivalda 50 ölkədən cüdoçular birincilik uğrunda mübarizə aparıblar.

Avropa Gənclər Olimpiya Festivalının qalibi Hasil Cəfərov hisslərini bölüşərək deyib: “Azərbaycanı yarışda layiqincə təmsil etdiyim üçün çox sevinirəm. Bu yarışa ciddi hazırlaşmışdım və nəticədə qızıl medal qazandım. Rumıniyalı idmançıya qarşı final görüşü çətin olsa da, bütün gücümü toplayıb rəqibi məğlub etdim və fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Azarkeşlərə fəal dəstəyə görə təşəkkürümü bildirirəm”.

Festivalın qızıl medalçısı Şəfəq Həmidova isə çıxışı barədə danışarkən bildirib: “Gürcüstanda ölkəmizin üçrəngli bayrağını dalğalandırdığım və dövlət himnimizi səsləndirdiyim üçün xoşbəxtəm. Gərgin görüşlər keçirdim və rəqiblərim çox güclü idi. Məşqçilərimin tapşırıqlarını layiqincə yerinə yetirib fəxri kürsünün ən yüksək pilləsində yer aldım”.

Bu yarışda məqsədinin çempionluq olmasına baxmayaraq, gümüş medal qazandığını vurğulayan Kəramət Hüseynov əsas diqqətini növbəti yarışlara yönəltdiyini vurğulayaraq deyib: “Bundan sonra üzərimdə çalışıb digər yarışlarda qızıl medal qazanmağa çalışacağam. Hər bir idmançı kimi, mən də Olimpiya çempionu olmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimə nail olacağam”.

Xəbər 753 dəfə oxundu.