Tbilisidə keçirilən XIII Avropa Gənclərinin Olimpiya Festivalı başa çatıb
Gürcüstan paytaxtında keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin Olimpiya Festivalı başa çatıb. Bu münasibətlə avqustun 1-də Tbilisidəki Olimpiya kəndində festivalın rəsmi bağlanma mərasimi keçirilib.

Gürcüstanın dövlət himni səsləndirildikdən sonra festivalda iştirak edən ölkələrin dövlət bayraqları səhnəyə gətirilib. Sonra müxtəlif idman yarışlarında qalib gələn komandalara qızıl medallar təqdim olunub.

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, “Tbilisi-2015”-in Təşkilat Komitəsinin sədri Aleksi Axvlediani, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanez Kotsiyançiç çıxış ediblər.

Olimpiya bayrağı festivalın növbəti təşkilatçısı Macarıstana təqdim edilib.

Qeyd edək ki, iyulun 27-dən başlayan XIII Avropa Gənclərinin Olimpiya Festivalında dünyanın 50 ölkəsindən 2000-dək qonaq, 2500-dək yeniyetmə idmançı iştirak edib. Festivalın təşkilində və keçirilməsində 1500-dən çox könüllü xidmət göstərib. Onlardan da 35-i azərbaycanlı olub.

Azərbaycandan 35 yeniyetmə idmanın 6 növü - yüngül atletika (10 nəfər), tennis (4), üzgüçülük (5), bədii gimnastika (1), velosiped (3) və cüdo (12) növləri üzrə yarışlarda mübarizə aparıblar. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Bu göstərici ilə Azərbaycan ümumi turnir cədvəlində 22-ci yerdə qərarlaşıb.

AZƏRTAC

Xəbər 703 dəfə oxundu.