Bakı şahmatçısı Məhəmməd İsmayılov Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirin qalibi olub
Üçqat Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat vitse-çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, ömrünün 28-ci ilində dünyasını dəyişmiş görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən və sayca ikinci dəfə keçirilən beynəlxalq turnir avqustun 1-də başa çatıb. İyulun 24-də - gözəl insan, tanınmış şahmatçı Vüqar Həşimovun ad günündə Bakıdakı 6 nömrəli məktəb-liseydə start götürən turnirdə 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar mübarizə aparıblar.

Turnirin bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Avropa çempionatlarının dəfələrlə qızıl, gümüş və bürünc mükafatçısı Vüqar Həşimovun atası Qasım Həşimov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və turnirin direktoru Anar Allahverdiyev yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıblar. Çıxışlardan şahmatçımız Vüqar Həşimovun karyerası ərzində qazandığı uğurlar barədə də geniş söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.

Sonra rejissor Ülviyyə Könülün çəkdiyi "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film nümayiş olunub.

Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Bakı şahmatçısı Məhəmməd İsmayılov qalxıb. Əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsi olan şahmatçı 9 oyundan 7,5 xal toplayıb. Gümüş medala layiq görülən Əhməd Əhmədzadə qaliblə eyni xalı toplasa da, əlavə göstəricilərə görə ikinci yeri tutub. Bürünc mükafata isə beynəlxalq turnirin reytinq favoriti hesab olunan Məhəmməd Muradlı layiq görülüb. Dördüncü yeri Gürcüstan şahmatçısı Nikolozi Kaçarava, beşinci yeri isə Naxçıvan təmsilçisi Sadiq Məmmədov tutublar. Vüqar Həşimov kuboku ilə təltif olunan Məhəmməd İsmayılov və gümüş mükafatın sahibi olan Əhməd Əhmədzadə, eyni zamanda, “Baku Open 2015” və “Nakhchivan Open 2015” festivallarında mehmanxanalarda ödənişsiz qalmaq imkanı əldə ediblər.

Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıblar. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.

Beynəlxalq turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa nümayəndələri də iştirak ediblər. Doqquz turdan ibarət olmaqla keçirilən Vüqar Həşimov memorialında 110 yeniyetmə şahmatçı mübarizə aparıb.

Beynəlxalq turnirin baş hakimi FIDE hakimi Cavanşir Bağırov olub.

AZƏRTAC

Xəbər 912 dəfə oxundu.