FIFA prezidenti postuna koreyalı milyarder iddialıdır
Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FIFA) vitse-prezidenti və Koreya Futbol Assosiasiyasının sabiq başçısı, cənubi koreyalı Çon Moncun təşkilatın prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəlib.

FIFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatter mayın 29-da beşinci dəfə seçilib, lakin iyunun 2-də vəzifədən getməsini bəyan edib. Yeni rəhbərin seçiləcəyi növbədənkənar konqres 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək.

BBC Çon Moncundan sitat gətirib: “Əgər mən seçilsəm, işim dəbdəbəli ofisdən zövq almaq olmayacaq. Mənim işim onu dəyişməkdir”.

Çərşənbə günü Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Mişel Platini FIFA-nın prezidenti postuna namizədliyini irəli sürdüyünü bildirib. “Hər hansı mühüm islahatlar keçirmək onun üçün çətin olacaq. Platini FIFA-nın indiki strukturunun dəstəyindən istifadə edir. Platini mövcud sistemin yetirməsidir”, - deyə Çon Moncun bəyan edib.

“Forbes”in məlumatına görə, 63 yaşlı Çon Moncunun sərvəti 1,2 milyard dollar məbləğində dəyərləndirilir.

Bundan əvvəl sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Moskvanın ÇSKA komandasının sabiq baş məşqçisi braziliyalı Ziko, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FIFA-nın rəhbər postuna namizədliklərini irəli sürmək istədiklərini bildiriblər.

Xəbər 828 dəfə oxundu.