Azərbaycanın yeniyetmə atletlərindən Avropa Gənclər Olimpiya Festivalında daha bir medal
İyulun 29-da “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalının üçüncü günündə Azərbaycanın daha bir yeniyetmə cüdoçusu İsmayıl İbrahimov bürünc medal qazanıb.

Festivalın üçüncü günündə Azərbaycanın üç yeniyetmə idmançısı mübarizə aparıb. Qızlardan Gültac Məmmədəliyeva (48kq) mübarizəyə yaxşı başlasa da, sonradan çıxışını dayandırmalı olub.

Digər yeniyetmə cüdoçumuz Paşa Əliyev (66 kq) ilk görüşdə məğlub olsa da təsəlliverici görüşdə uğur qazanıb. Ermənistan idmançısını mübarizədən kənarlaşdıran P.Əliyev bürünc medal uğrunda mübarizədə uduzub.

İlk görüşdə məğlub olan digər cüdoçumuz İsmayıl İbrahimov da (60) təsəlliverici görüşdə Ermənistan təmsilçisi üzərində parlaq qələbə qazanıb. Üçüncü yer uğrunda mübarizədə İsrail idmançısını məğlub edən İsmayıl İbrahimov bürünc medala sahib olub.

İdmançımıza medalı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təqdim edib.

Bununla da Azərbaycan idmançılarının “Tbilisi-2015” Gənclər Festivalında qazandığı medalların sayı dördə çatıb.

Azərbaycan bu göstərici ilə ölkələrarası reytinq cədvəlində 12-ci yerdə qərarlaşıb.

İyulun 30-da Azərbaycanın daha iki yeniyetmə idmançısı cüdo yarışlarında mübarizəni davam etdirəcək.

AZƏRTAC

Xəbər 886 dəfə oxundu.