Otuz illik rekordu yeniləyən Azərbaycan atleti ilə görüş keçirilib
“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu yeniləyərək çempion adını qazanan və “Rio-2016”-ya lisenziyanı təmin edən Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev ilə görüşüb.

S.Sadıqov dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu idman siyasətinin nəticələrindən danışıb. Qeyd edib ki, idman və Olimpiya hərəkatı sahəsində görülən işlər ölkəmizin uğurlu inkişafının göstəricisidir. O deyib: “Ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi. Bu, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməyib və birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu, bizə göstərilən böyük inam və etimaddır”.

S.Sadıqov Azərbaycan idmançılarının, eləcə də “Neftçi” idman klubunun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu çıxışından bəhs edib. Gənc atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı xüsusi tapşırıqlarını verib.

Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə "Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər. Atlet bundan sonra da əzmlə çalışaraq ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəyinə söz verib.

Nazim Babayev Avropa birinciliyində almaniyalı idmançı Volker Mainin 1985-ci ildə əldə etdiyi 16.93 metrlik rekordu təzələyib.

Xəbər 966 dəfə oxundu.