“Qəbələ” komandası səfərdə “Apollon” ilə oyundan əvvəl ilk məşqini keçirib
İyulun 30-da “Qəbələ” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə keçirəcək.

Azərbaycan çempionatının bürünc mükafatçısı Kiprin Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda “Apollon” (Limasol) klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı ukraynalı referi Sergey Boyko idarə edəcək. Qarşılaşmada köməkçi hakim funksiyasını onun həmyerliləri Aleksandr Korniyko, Vladimir Volodin və Anatoli Abdula yerinə yetirəcəklər. Görüşün UEFA nümayəndəsi israilli Ronen Herşko, hakim-inspektoru isə almaniyalı Eugen Striqe olacaq.

Səfər oyunundan sərfəli nəticə ilə dönməyə çalışacaq Azərbaycan təmsilçisinin cavab qarşılaşması isə avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası Gürcüstanın “Dinamo” və Serbiyanın “Çukariçki” klublarını məğlub edərək yarışdan kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının üçüncü mərhələsinə yüksəlib.

"Qəbələ" artıq Larnakada “Apallon” ilə oyundan əvvəl son məşqinə çıxıb.

Xəbər 336 dəfə oxundu.