Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Gənclər Olimpiya Festivalının ikinci günündə biri qızıl olmaqla, üç medal qazanıblar
“Tbilisi-2015” XIII Avropa Gənclər Olimpiya Festivalının ikinci günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Azərbaycan cüdoçuları iyulun 28-də Tbilisi Cüdo Akademiyasında keçirilən yarışlarda biri qızıl olmaqla, üç medal qazanıblar.

Qızlar arasında 40 kiloqram çəki dərəcəsində mundiala çıxan yeniyetmə cüdoçumuz Şəfəq Həmidova keçirdiyi 3 görüşün hamısını qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda Rusiya idmançısı Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan Ş.Həmidova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, XIII Avropa Gənclər Olimpiya Festivalında cüdoçular arasında qızıl medal qazanan ilk idmançı kimi adını tarixə yazdırıb.

Ş.Həmidovanın Azərbaycanın dövlət bayrağını başı üzərinə qaldırması digər idmançılarımızı da qələbəyə ruhlandırıb.

Digər cüdoçumuz Kəramət Hüseynov da mübarizəyə uğurla başlayıb. O, 55 kiloqram çəki dərəcəsində rəqiblərini üstələyərək finala qədər yüksəlib. Finalda K.Hüseynov Moldovadan olan idmançı İon Mitayevə uduzaraq gümüş medala sahib olub.

Bu gün cüdoçular arasında mübarizə aparan digər yeniyetmə idmançımız milli komandamızın üzvü İbrahim Bayramlı olub. 50 kiloqram çəki dərəcəsində mundiala çıxan idmançının ilk çıxışı uğurlu alınmasa da təsəlliverici görüşdə o, səylərini daha da artırıb və festivalın bürünc medalını qazanıb.

Qızıl medal sahibi Ş.Həmidova qələbə sevincini bölüşərək deyib: “Sevincimin həddi-hüdudu yoxdur. Mən çempion olmağı, qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Bu, mənim üçün çox böyük uğurdur. Məşqlərimi bundan sonra da davam etdirəcəyəm və inanıram ki, dünya, Olimpiya və Avropa çempionu da olacağam”.

Gümüş medalçımız Kəramət Hüseynov nəticəsindən narazı qalıb: “Mən bu festivaldan qızıl medal qazanacağımı düşünürdüm. Təəssüf edirəm ki, kiçik bir səhvim üzündən ikinci yerlə kifayətlənməli oldum. Amma ruhdan düşməyəcəyəm, gələcəkdə Azərbaycan bayrağını başım üzərinə qaldıracağam”.

İbrahim Bayramlı isə əldə etdiyi nəticəni belə qiymətləndirib: “Çempion olmaq üçün imkanım var idi. Lakin buna nail ola bilmədim. Düşünürəm ki, festivalda üçüncü yeri qazanmaq da pis nəticə deyil. Bu, mənə gələcəkdə daha böyük uğurlar qazanmağa imkan yaradır”.

Qeyd edək ki, iyulun 28-də üzgüçülük və bədii gimnastika üzrə idmançılarımız da mübarizə aparıblar. Belə mötəbər yarışlarda ilk dəfə çıxış edən yeniyetmələrimiz zəngin təcrübə qazanıblar.

İyulun 29-da Azərbaycan yeniyetmələri cüdo və idmanın digər növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.

AZƏRTAC

Xəbər 807 dəfə oxundu.