Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 4 şahmatçı liderlik edir
Görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq turnir davam edir.

Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır.

Beynəlxalq turnirdə 3-cü tur artıq başa çatıb. Üç turdan sonra Əhməd Əhmədzadə, Ləman Hacıyeva, Elmar Atakişiyev və Rahim Əliyev hərəyə 3 xal toplayaraq liderdirlər. Turnir iştirakçılarından 15 zəka sahibi isə aktivlərinə 2,5 xal yazaraq liderlərdən yarım xal geridə qalırlar.

Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər.

Beynəlxalq turnirin baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur.

Xəbər 866 dəfə oxundu.