Taekvondoçularımız “Korea Open” turnirində 3 medal qazanıblar
Koreya Respublikasının Çunçeon şəhərində keçirilən taekvondo üzrə “Korea Open” turniri başa çatıb. G2 kateqoriyalı turnirdə ölkəmizi 12 taekvondoçu təmsil edib. Azərbaycanın taekvondo üzrə milli komandası bu yarışda aktivinə üç medal əlavə edib.

Kişilərdən ibarət millinin üzvü, birinci Avropa Oyunlarının çempionu, 80 kiloqram çəki dərəcəsində yarışa qatılan Milad Beiqi Harçeqani bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sina Bahrami (-63 kq) və qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olublar.

Tatami üzərinə çıxan Məhəmməd Məmmədov (63 kq) və Səid Quliyev (-74 kq) dörd qarşılaşmadan qalib ayrılsalar da yarımfinalda məğlub olaraq turniri medalsız başa vurublar.

Komandamız Koreya Respublikasına baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə yollanıb. Kişilərdən ibarət millimiz iyulun 29-da Vətənə dönəcək. Qadın taekvondoçularımızdan Təranə Məmmədova (- 46 kq), Partimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq) və Daria Şkurko (-62 kq) baş məşqçi Sun Mi Parkın rəhbərliyi ilə təlim-məşqləri Koreya Respublikasında davam etdirəcək.

Xəbər 895 dəfə oxundu.