“Qəbələ”nin yeni transferi: Hədəfim “altılığ”a düşməkdə yardımçı olmaqdır
“Qara-qırmızılar” qış fasiləsində Yannik Kamanandan sonra ikinci transferini gerçəkləşdiriblər. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəllər “Xəzər Universiteti” , “İnter” , “Xəzər Lənkəran” və “Neftçi” klublarında futbol oynamış, bir neçə dəfə Azərbaycan milli komandasının şərəfini qorumuş Elmar Baxşıyev, bundan sonra karyerasını “Qəbələ”də davam etdirəcək. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.

Bu gün komanda ilə Antalyada məşqə çıxan yarımmüdafiəçi “Qəbələ”yə transferi barədə fikirlərini bölüşüb: “Qəbələ”nin təklifini düşünmədən qəbul etdim. İddialı klub olması qərarımda böyük rol oynadı. “Qəbələ” struktur baxımından fərqlənən və parlaq gələcək vəd edən komandadır.

İlkin hədəfim komandaya altılığa düşməkdə yardımçı olmaqdır. Heyətdəki futbolçuların səviyyəsindən və komandadakı sağlam rəqabətdən xəbərdaram. Heyətə düşməkçün gücümü ortaya qoyacam. Özümə, gücümə, bacarığıma güvənirəm, güvənməsəydim “Qəbələ”yə gəlməzdim".

Xəbər 938 dəfə oxundu.