Ağdamın “Qarabağ” futbol komandasının potensial rəqibinin futbolçusuna cəza verilib
Şotlandiya Futbol Assosiasiyası bu ölkənin “Seltik” klubunun türkiyəli futbolçusu Nadir Çiftçini cəzalandırıb.

Ötən mövsüm “Dandi Yunayted”in heyətində “Dandi” klubuna qarşı oyunda qol atdıqdan sonra rəqib oyunçu Cim Mak Alisteri dişləyən N.Çiftçiyə Assosiasiyanın Nizam-İntizam Komitəsi tərəfindən səkkiz oyunluq cəza verilib.

Türkiyənin 19 yaşlılardan ibarət yığma komandasında da çıxış edən və karyerası ərzində Hollandiya, İngiltərə klublarının formasını da geyinmiş futbolçu Şotlandiya Premyer Liqasının ilk turlarında “Seltik”in heyətində oynaya bilməyəcək. 2013-2015-ci illərdə “Dandi Yunayted”də oynamış futbolçu keçirdiyi 68 görüşdə 25 qol vurmuşdu. Futbolçu yayda “Dandi Yunayted”dən “Seltik”ə transfer olub.

“Seltik” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” futbol komandasının potensial rəqibidir. Ağdam təmsilçisi iki oyunun nəticəsində görə “Rudar”ı keçəcəyi təqdirdə növbəti mərhələdə “Seltik” – “Styarnan” (İslandiya) qarşılaşmasının qalibi ilə görüşəcək.

Xəbər 726 dəfə oxundu.