“Qarabağ” futbol komandası Monteneqro sınağından üzüağ çıxdı
İyulun 22-də futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Monteneqronun “Rudar” komandası ilə qarşılaşıb.

Monteneqrodakı “Pod Malim Brdom” stadionunda keçirilən matçda “Qarabağ” komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə “Qarabağ”ın legioneri Reynaldo vurub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalan vaxt ərzində hesab dəyişməyib.

Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.

Görüşü bolqarıstanlı referi Georgi Kabakov idarə edib. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək ediblər. Oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olub.

“Qarabağ” növbəti mərhələdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq.

Xəbər 842 dəfə oxundu.