Qadın hokkeyçilərimiz AÇ-da qrup brincisi oldular
Çexiyanın paytaxtı Praqa şəhərində kişi və qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının “Trofi” yarışlarında bu gün kişilər də qrup mərhələsinə yekun vuracaqlar. Qadın hokkeyçilər isə dünən son qrup oyunlarını keçiriblər. “B” qrupuna daxil olan Azərbaycan hokkeyçilərinin prinsipial görüşdə Uels təmsilçilərinə 2:1(1:0) hesabı ilə qalib gəlməsi və Belarus komandasının avstriyalıları 5:0 hesabı ilə məğlub etməsi barədə dünən məlumat vermişdik. Həmin görüşlərin nəticələrindən sonra 7 xal toplayan Azərbaycan yığması və rəqibindən 2 xal geri qalmaqla II yeri tutan Belarus millisinin yarımfinala vəsiqə qazandı. Uels və Avstriya yığmaları isə III-IV yerləri tutmaqla yalnız "Trofi" divizyonunda qalmaq vəzifəsi uğrunda mübarizə aparacaqlar. Dünən “A” qrupunda yarışan komandalar arasında keçirilən oyunların gec qurtarması səbəbindən iyulun 23-də keçiriləcək Pley-Off-da qarşılaşacaq cütlər haqda məlumat verə bilməmişdik. Beləliklə, dünən “A” qrupunda keçirilən oyunlarda qeydə alınan nəticələri təqdim edirik:

Fransa – Ukrayna – 4:3 (3:2), İrlandiya - Çex Respublikası -3:0 (2:0)

Bu qrupda İrlandiya komandası 100 faizli nəticə göstərərək 9 xalla I yeri tutdu. Yarış sahibləri- çexlər isə 6 xalla II yerə layiq görüldülər. Fransa hokkeyçiləri 3 xalla III, ukraynalılar isə 1 xal belə qazana bilməyərək qrupda sonuncu-IV olublar. Yarışın reqlamentinə görə qruplarda 3-cü və 4-cü yerləri tutanlar iyulun 23-də müvafiq olaraq bir-biri ilə, qrup qalibləri və ikinci yerləri tutanlar isə “çarpaz üsulla” qarşılaşaraq finalçıları aşkar edəcəklər. Daha dəqiq desək sabah Bakı vaxtı ilə saat 18.30 dəqiqədə Azərbaycan- Çex Respublikası və 20.45-də isə İrlandiya –Belarus matçları keçiriləcək. Qalib komandalar finala çıxmaqla bərabər növbəti mövsüm Avropanın 8 ən güclüsü sırasında oynamaq hüququ qazanacaq.

Bu gün qadın hokkeyçilər istirahət edərək sabahkı görüşlər barədə düşündükləri bir vaxtda kişilər son qrup oyunlarını keçirəcəklər. “B” qrupuna daxil olan Azərbaycan millisi Bakı vaxtı ilə saat 18.30 dəqiqədə 6 xalla yarış cədvəlinə başçılıq edən Avstriya təmsilçiləri ilə qarşılaşacaq. Hazırda 2 oyundan sonra Azərbaycan hokkeyçiləri kimi 3 xal toplayan Çexiya yığması isə saat 20.45-də keçirdiyi hər 2 görüşdə məğlub olan İsveçrə komandası ilə qarşılaşacaq.


Xəbər 2491 dəfə oxundu.