Kişi hokkeyçilərimiz də AÇ-da qələbə qazandılar
Çexiyanın paytaxtı Praqa şəhərində kişi və qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında Avropa çempionatının “Trofi” yarışları davam edir. Dünən iyulun 20-də qadın hokkeyçilər istirahət etsələr də kişilər II turun oyunlarını keçiriblər. “B” qrupuna daxil olan Azərbaycan hokkeyçiləri iyulun 18-də yerli Çexiya komandasına 0:2 hesabı ilə uduzandan sonra dünən İsveçrə yığması ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. 10-cu dəqiqədə Qəzənfər Əli millimizi hesabda irəli çıxarıb. Matçın I yarısında 1:0 hesabı dəyişməz qalıb. Böyük ərazi və oyun üstünlüyünə malik olan həmyerlilərimiz yalnız 62-ci dəqiqədə 2-ci qolu vura biliblər. Bu dəfə Ruslan Satlikov fərqlənib. Qalan vaxt ərzində 2:0 hesabı dəyişməyib. Dünən “B” qrupuna daxil olan Avstriya və Çexiya təmsilçilərinin görüşündə meydan sahibləri gözlənilmədən 0:2 (0:0) hesabı ilə uduzublar. Beləliklə, bu qrupun yarış cədvəlində vəziyyət bir oqədər də ürəkaçan deyil.. Avstriya komandası 6 xalla vahid liderdir. Hərəyə 3 xal toplayan Çexiya və Azərbaycan hokkeyçiləri 3 xalla II-III yerləri bölüşürlər. Sabah qrup oyunlarının sonuncu günü yığmamız məhz Avstriya hokkeyçiləri ilə qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 18.30 dəqiqədə başlayacaq. Çexiya və İsveçrə hokkeyçiləri isə həmin gün II cütü təşkil edəcəklər.

Dünən istirahət edən qadın otüstü hokkeyçilər isə bu gün son qrup oyunlarını keçirəcəklər. ”B” qrupunda ilk 2 turda avstriyalılara 3:1 hesabı ilə qalib gələn və II turda Belarus yığması ilə heç-heçə (4:4) oynayan həmyerlilərimiz bu gün aktivində 4 xalı olan Uels komandası ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Xəbər 2340 dəfə oxundu.