Rusiyalılar 2018-ci ilin dünya çempionatının başqa ölkədə keçiriləcəyinə inanmırlar
Rusiyanın “İctimai rəy” Fondunun rəsmi saytı xəbər verir ki, ölkə əhalisinin əksəriyyətinin fikrincə, 2018-ci ilin futbol üzrə dünya çempionatının keçirilməsi Rusiyadan alınıb başqa ölkəyə verilməyəcək. Xatırladaq ki, İsveçrə Prokurorluğunun apardığı təhqiqat nəticəsində turnirin keçirilməsinə təhlükə yaranıb. İstintaq 2018-ci və 2022-ci illərin dünya çempionatlarının ev sahiblərinin seçilməsi prosedurlarının pozulmasından şübhələnir.

Rəyi soruşulanların 86 faizi Rusiyada dünya birinciliyinin keçirilməsinə müsbət, 5 faizi mənfi yanaşıb, 9 faizi isə cavab verməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının üçdə bir hissəsindən çoxu – 36 faizi Rusiyanın çempionatın keçirilməsi hüququndan məhrum edilməsi ehtimalı barədə heç nə eşitməyib. Respondentlərin 45 faizi hesab edir ki, çempionatın başqa ölkədə keçirilmə ehtimalı istisna olunur, 26 faizinin fikrincə, cüzi ehtimal var, 10 faizi isə düşünür ki, belə bir ehtimal böyükdür. Futbol azarkeşləri qrupunda rəyi soruşulanların 57 faizi çempionatın başqa ölkədə keçiriləcəyinə inanmır.

Xəbər 847 dəfə oxundu.