Azərbaycan hokkeyçiləri Praqaya yola düşdülər
Bu gün səhər saatlarında ölkəmizin kişi və qadın otüstü hokkeyçilərdən ibarət milli komandaları təyyarə reysi ilə Çexiyanın paytaxtı Praqa şəhərinə yola düşüblər. Xəbər verdiyimiz kimi, iyulun 18-dən orada Avropa çempionatının “Trofi” yarışları keçiriləcək. Doğrusu hokkeyçilərimizin həmin səfərə getməsi maliyyə problemləri ilə əlaqədar son ana qədər sual altında idi. Keçmiş SSRİ Respublikaları arasından ən yüksək nəticə göstərərək iyun ayında Dünya Hokkey Liqası turnirinin III həlledici mərhələsində mübarizə aparmaq hüququ qazanan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət yığmasının Belçikada keçirilən yarışa gedə bilməməsi və üstəlik yüksək cərimə sanksiyaları ilə üzləşməsi komandalarımızın qitə çempionatında iştirakını da sual altına qoymuşdu. Amma onu da qeyd etməliyik ki, Dünya Hokkey Liqası turnirinin III raundunda çıxış edən milli komandaların 20-dən 12-si 2016-cı ildə keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanına malik idi. Təəssüf ki, yığmamız bu imkandan yararlana bilmədi. Lakin, hokkeyçilərimiz yaranmış çətinliklərə baxmayaraq növbəti cərimələrə məruz qalmamaq üçün (“aza qane olaraq”) səfərə yola düşüblər. Bu işdə Federasiyanın daxili imkanları da müəyyən rol oynayıb. Məlumdur ki, milli komandaların rəsmi beynəlxalq yarışlardakı iştirakını Gənclər və İdman nazirliyi maliyyələşdirir. Ancaq bu dəfə kişi və qadın hokkeyçilərimizin Avropa çempionatına getməsinə həmin qurumdan heç bir kömək göstərilmədi. Hər halda giley-güzardan uzaq olaraq bildiririk ki, qadın hokkeyçilərimiz Praqada “B” qrupuna daxildir və Belarus, Avstriya və Uels milliləri ilə bir qrupda mübarizə aparacaq. Həmyerlilərimiz ilk oyunda Avstriya (18 iyul) təmsilçiləri ilə qarşılaşacaqlar. Ertəsi gün rəqibimiz Belarus hokkeyçiləri olacaq. Yığmamız son qrup görüşünü iyulun 21-də uelslilərə qarşı keçirəcək. Qrup mərhələsinin oyunları başa çatdıqdan sonra 3-cü və 4-cü yerləri tutanlar (23 iyul) müvafiq olaraq bir-biri ilə, qrup qalibləri və ikici yerləri tutanlar isə “çarpaz üsulla” qarşılaşaraq finalçıları aşkar edəcəklər. Yarışın sonuncu günü(25 iyul) keçiriləcək oyunlarda iştirakçı komandaların yekun yerləri müəyyənləşəcək. Xatırladırıq ki, 2 ildən bir keçirilən sonuncu Avropa çempionatında (2013) qadın hokkeyçilərimiz qitənin 8 ən güclüsü sırasına çıxmağa çox yaxın idilər. Lakin, qrup qalibi kimi Pley-offa vəsiqə qazanan qızlarımız “B” qrupunun ikincisi Polşa təmsilçilərinə gözlənilmədən 3:4 hesabı ilə uduzaraq yüksək divizyona çıxa bilmədilər. İnanmaq istərdik ki, komandamızın üzvləri “xarakter” nümayiş etdirərək həmin arzunu bu dəfə Praqada reallaşdıracaqlar.

Kişi otüstü hokkeyçilərdən ibarət milli komandamız da ilk oyununu iyulun 18-də keçirəcək. Rəqib isə yarış sahibləri-çexlər olacaq. İyulun 20-də yığmamız İsveçrə təmsilçiləri ilə qarşılaşacaq. Həmyerlilərimizin qrupda son görüşü iyulun 22-də Avstriya təmsilçilərinə qarşı olacaq. Onu da xatırladırıq ki, 2 il əvvəl avqust ayında keçirilən sonuncu Avropa çempionatına ev sahibliyi edən Avstriya III yer uğrunda oyunda millimizi 6:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Həmin yarışda qrup ikincisi olan yığmamız finala gedən yolda Rusiya təmsilçilərinə də eyni hesabla uduzmuşdu.Sonda onu da xatırladırıq ki,kişi otüstü hokkeyçilərimiz də qadınlar kimi anoloji qaydada yarışacaqlar.

Xəbər 2242 dəfə oxundu.