"Neftçi"nin məşqçilər korpusu nikbin danışdı

6-qat Azərbaycan çempionu Antalyada təlim-məşq toplanışını davam etdirir. İdman.com.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, klubda hər şey qaydasındadır. Bunu həmkarımızla söhbətdə, kollektivin məşqçilər korpusu deyib:

Baş məşqçi Böyükağa Hacıyev: "İlk hazırlıq mərhələsi istədiyimiz səviyyədə davam edir. Həftə sonuna kimi çalışacağıq ki, zərbə dozası adlanan əsas yükləmə dövrünü tamamlayaq. Fiziki təlimlər sona yaxınlaşdıqca sürətə hesablanan məşqlərin intensivliyi daha da artacaq".

Məşqçi Tərlan Əhmədov: "Hazırlıqların ilk 6 günü futbolçuların güc toplamasına hesablanmışdı. Sabahdan sürət və cəldliyin artırılmasına çalışacağıq. Futbolçuların məşqlərə münasibəti əladır. Hətta gənc futbolçular da əsas heyətin üzvləri ilə rəqabət aparmağa çalışır. Bu isə inkişafdan xəbər verir".

Məşqçi Bəxtiyar Musayev: "Bu gün səhər məşqimizi trenajor zalında keçdik. Bu yükləmələr futbolçuların fiziki göstəricilərinə yaxşı mənada təsir göstərəcək. Sabahdan gündə 3 məşqimiz olacaq. Verdiyimiz tapşırıqlar futbolçular tərəfindən tam yerinə yetirilir. Qarşıda 2 yoldaşlıq matçımız var. Komanda həmin görüşlərə də yüksək abu-havada hazırlaşır".

Məşqçi Kamal Quliyev: "Baş məşqçinin verdiyi tapşırıqları həm biz məşqçilər, həm də futbolçular canla-başla yerinə yetiririk. Artıq 1 yoxlama matçı keçirmişik. Bu oyunda əvəzedici heyətdən əsas komandaya cəlb olunmuş futbolçuları da yoxladıq. Onlar üçün böyük təcrübə oldu. Öz növbəmdə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, əsas komanda ilə yanaşı, gənc futbolçulara da belə bir şəraiti yaradıblar".

Xəbər 1171 dəfə oxundu.