“Zirə” futbol klubu yay hazırlıq dönəmində keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb
“Zirə” futbol klubu Topaz Premyer Liqasına hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Dalğa Arena”da keçirilən qarşılaşmada rəqib 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.

Qarşılaşmanın 6-cı dəqiqəsində “Zirə”nin futbolçusu Rəşad Abdullayevin künc zərbəsindən ötürdüyü topu Sadiq Quliyev qapıdan keçirib. Hissənin sonlarında isə Rəşad Abdullayev uzaq məsafədən gözəl qola imza atıb. Oyunun ikinci hissəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov meydana gənc və yeniyetmə futbolçuları buraxib və hesab dəyişməyib.

Beləliklə, “Zirə” yay hazırlıq dönəmində keçirdiyi ilk yoxlama oyununda 2:0 hesabı ilə qələbə qazanıb. Viktor İqbekoyi, Tellur Mütəllimov və Aleksandr Şemonayev zədəli olduqları üçün qarşılaşmada iştirak etməyiblər.

“Zirə” Premyer Liqaya hazırlıq çərçivəsində təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçirəcək. İyulun 15-də Ərzuruma gedəcək komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək və ayın sonunda Vətənə qayıdacaq.

Xəbər 902 dəfə oxundu.