Vəziri 2 topa dəyişmək Vüqara baha başa gəldi
Niderlandın Veyk-an-Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, 5-ci tur təmsilçilərimiz üçün uğurlu olmayıb. Bu gün keçirilmiş partiyalarda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovla (2770) münasibətinə aydınlıq gətirib. Bərabər vəziyyətli görüşdə SOCAR-ın şahmatçıları 28-ci gedişdə sülh bağlayıblar.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) qara zolaqdan çıxa bilmir. V turda yarışın debütantı ağ fiqurlarla Vasili İvançukla (2766) görüşüb. Mittelşpildə vəziri 2 topa dəyişən Vüqar, bu taktikadan yararlana bilməyib. Rəqib ən güclü fiqurundan istifadə edərək, 35-ci gedişdə Həşimovu təslim olmağa məcbur edib.

Dünya reytinqində 1-ci olan Maqnus Karlsen (2835) 5 partiyadan sonra Levon Aronyanla (2805) şərikli liderdir (3,5 xal). Teymur bu həmkarlarından yarım xal geri qalır. O, 3-5-ci yerləri bölüşdürür. Aktivində 1,5 xal olan Vüqar 13-cü pillərdə qərarlaşıb.

Xəbər 1267 dəfə oxundu.