Kikboksinq üzrə Avropa Çempionatında Azərbaycanın təbliği həyata keçirilə bilər
Avqust ayında İspaniyanın San-Sebastyan şəhərində yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 54 ölkədən 3000-dək idmançı mübarizə aparacaq.

İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev yarışın keçiriləcəyi arenada İspaniya Kikboksinq Federasiyasının prezidenti Borxa Mendioroz ilə görüşüb.

Federasiya rəhbəri yarışa hazırlıq prosesi haqqında danışıb və bu istiqamətdə göstərdiyi dəstəyə görə assosiasiyaya təşəkkür edib. O, həmçinin quruma Avropa çempionatının baş sponsoru olmağı təklif edib.

Borxa Mendioroz bildirib ki, İspaniya-Azərbaycan Ticarət Asossiasiyası ilə baş sponsorluq haqqında anlaşma imzalanarsa, yarışların davam etdiyi 7 gün ərzində qarşılaşmaların keçirildiyi arenada Azərbaycanın təbliğatı həyata keçiriləcək. Həmçinin yerli KİV-lərdə Azərbaycan haqqında təbliğat materialların yerləşdirilməsi, San-Sebastyan şəhərinin mərkəzində Azərbaycan stendinin qurulması mümkündür.

AZƏRTAC

Xəbər 747 dəfə oxundu.