“Qəbələ” Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb
“Qəbələ” futbol komandası Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində doğma meydanda “Dinamo” (Tbilisi) komandasını qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən oyununun birinci hissəsində “Qəbələ” futbol komandasının futbolçuları “Dinamo” komandasının qapısı qarşısında bir neçə dəfə hesabı açmaq imkanı əldə etsələr də, bundan yararlana bilməyiblər. Beləliklə, oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

Hesab görüşün ikinci hissəsinin 87-ci dəqiqəsində açılıb. Futbolçumuz Asif Məmmədov topu gürcü komandasının qapısından keçirərək hesabı 1:0 edib.

Oyunun 92-ci dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Aleksey Antonov rəqib komandanın qapısından ikinci topu keçirib. Oyun 2:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bununla da “Qəbələ” komandası Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda “Dinamo” 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər 720 dəfə oxundu.