"Zirə"nin yeni transferi komandanı tərk etdi
Azərbaycan Premyer Liqasının debütantı “Zirə” yeni transferlərindən biri ilə yollarını ayırıb. Paytaxt klubunun yenicə heyətinə qatdığı Ruslan Tağızadə komandanı tərk etmək fikrinə düşüb.

Ötən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən ayrılaraq “Zirə” ilə anlaşan gənclər yığmamızın sabiq üzvü karyerasını ölkə xaricində davam etdirəcək. Belə ki, 22 yaşlı müdafiəçi Türkiyənın I liqa təmsilçisi “Boluspor”la razılığa gəlib.

Məlumatı saytımıza açıqlamasında Tağızadə özü də təsdiqləyib: “Bəli, karyeramı “Boluspor”da davam etdirəcəm. Bolu klubunun baş məşqçisi Ümit Özat hələ “Elazığspor”u çalışdıranda mənimlə maraqlanmışdı. İndi yenidən təklif göndərdi. Mən də “Zirə” ilə anlaşdığım üçün onlardan klubumun da razılığını almalarını istədim. Sağ olsun, “Zirə” rəhbərliyi legioner həyatı yaşamağım üçün mənə köməklik göstərdi, heç bir maneə törətmədi. Məşqçilər korpusu və futbolçularla da sağollaşacam. Artıq sabah Boluya gedib yeni komandamla bir illik müqavilə imzalayacam”. Qeyd edək ki, Ruslan Tağızadə indiyə qədər “Sumqayıt”, AZAL və “
Qəbələ”də çıxış edib.

“Zirə”nin baş məşqçisi Adil Şükürov saytımıza açıqlamasında Ruslan Tağızadənin “Boluspor”a keçidini dəyərləndirib. Şükürov gənc müdafiəçini çoxdan tanıdığını deyib: “Ruslanı o vaxt U-17 yığmasına cəlb etmişdim. Həmin vaxtdan onu yaxşı tanıyıram. Tağızadə çox bəyəndiyim futbolçudu. Onun transferi üçün çox çalışdıq və nəhayət, danışıqlar müsbət nəticələndi, müqavilə bağladıq. Təbii ki, onun komandada qalmasını istərdik. Amma klub olaraq məqsədimiz Azərbaycan futboluna fayda verməkdi. Bu səbəbdən rəhbərliklə məsləhətləşib Ruslanın qarşısını kəsməməyə qərar verdik. Ona karyerasında uğurlar arzulayırıq”.

Xəbər 771 dəfə oxundu.